Ziya Məmmədovun qardaşı oğlu ifadə verdi – 100 min dollar, qəza, lüks avtomobil…
Məhkəmədə prokuror ittiham aktını elan edib.
Rövşəm Heybətov özünü təqsirli bilmədiyini deyib. Məhkəmədə məlum olub ki, zərərçəkmiş şəxs Elnur Məmmədov 65 min manatlıq mülki iddia qaldırıb.
Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində Elnur Məmmədov dindirilib. O bildirib ki, təqsirləndirilən Rövşən Heybətovu 10 ildir tanıyır və yaxşı münasibətləri olub:
“Birlikdə çörək kəsmişik. Haqqında yaxşı sözlər eşitmişik. 2015-ci ildə idman maşınımı satdım. 125 min manata satmışdım. İstəyirdim Almaniyadan maşın alam. Sonra Rövşən dedi ki, neynirsən maşın alırsan, gəl iş quraq, qazandığımla daha yaxşı maşın alarıq”.
İfadəsinin davamında Elnur Məmmədov qeyd edib ki, Rövşənə Heybətova həmişə dəstək olub:
“Ona etibar elədim, çünki nə problemi olub, kömək etmişəm. 210 min dollarlıq vəsait lazım idi. Getdim ağsaqqalımla, yəni atamla tanış elədim. Atam Rövşənlə söhbət elədi. Orada da atam Rövşənə dedi ki, pulu götürsən nə olsa, cavabdeh sənsən. Rövşən də bununla razılaşdı. Atam da xeyir-dua elədi. 100 min dollarım qalmışdı. Sonra bankdan 1 aylıq 100 min pul götürdüm. Rövşənlə görüşdük. Özünə dedim ki, pul elə olsun batmasın. Rövşən Türkiyəyə gedəndə iki idmançı da aparmışdı. Ora çatanda mənə dedi ki, pulu götürmüşəm. Dedim ehtiyatlı ol. Sonra özüm də Türkiyəyə getdim. Yolda mənə video atdı ki, maşın icarəyə götürüb. Dedim ki, ehtiyatlı ol. Bir müddət keçəndən sonra Rövşənin özü ilə apardığı uşaqlar mənim qabağıma qaçdı. Dedilər Rövşən qəza törədib. Zəng elədim. Dedi ki, boynum qırılıb. Qaçdım xəstəxanaya. Gördüm sağlamdı, lakin özünü başqa cür apardı. Sual verdim, qəribə cavablar verirdi. Soruşdum ki, pul hanı? Dedi nə pul, maşında aparıblar. Getdik polisə. İfadəsini aldılar. Orda pulu istədik. Polisdə dedilər ki, avtomobildə pul olmayıb”.
Onun sözlərinə görə, Rövşənin qəzaya düşdüyünü dediyi avtomobilə baxıb, amma zərər görməyib:
“Rövşəni dedim ki, nətər olacaq? Dedi ki, vəziyyətimi görmürsən? Aramızda dava oldu. Sonra qayıtdıq Bakıya. Atamla danışdı. Orda ağsaqqala dedi ki, evini bizim adımıza keçirəcək. Sonra onu da eləmədi. Ölkəni tərk elədi. 10 gündən bir danışa bilirdik. Bir dəfə 20 min dollar, 5 min dollar göndərdi. Sonra bu da kəsildi. Ümumilikdə iki il ərzində 144 min dollar pul verib”. Musavat.com

