Zorlanma hadisələrinin sayı durmadan niyə artır?
Son vaxtlar Azərbaycan mətbuatında zoranma xəbərlərinin sayı artıb.
Xüsusilə, bölgələrdən zorlanma faktı ilə bağlı informasiyalar gəlir. İlkin yaranan fikir isə budur ki, bu cür xəbərlər çoxaldıqca adiləşir.
Cəmiyyətdə isə bir dilemma özünü göstərir: bu cür xəbərlər tirajlandığı üçünmü zorlanma halları çoxalıb, yoxsa hazırki informasiya əsrində əvvəllər gizli qalan, gizlənilən bu cür xəbərlərin ötürülməsi asanlaşıb.
Ekspertlər nə düşünür? Bu tipli xəbərləri mediadan gizlətmək lazımdır? Yoxsa üstünə düşüb, cəmiyyətdə tirajladıqca maarifləndirmə işləri həyata keçirmək mümkündür?
“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq-jurnalist Lalə Mehralı Minval.info-ya açıqlamasında bu qəbildən olan xəbərləri tamamilə ziyanlı olduğunu deyib:
“Birbaşa əlaqəsi və təsiri olmaya bilər, amma mətbuatda zorakılıq əks etdirən xəbərlər dərc edildiyi zaman nəzərə almaq lazımdır ki, indi onlayn media uşaqların və gənclərin əlinin altındadır, istədikləri zaman istənilən məzmunlu xəbərə baxa bilir və bu onların psixologiyalarına, sosial həyatlarına təsirsiz ötüşmür.
Bu məntiqlə düşünə bilərik ki, bu xəbərləri oxuyan hər kəs təcavüz edəcək? Təbii ki, xeyr. Zorakılığa meylli olan bir şəxs üçün bu tip xəbərlər necə deyərlər “dəlinin yadına daş salmaq” effektini verir. Necə ki, cinayət verilişlərində cinayətkarın öz qurbanını necə öldürməsi, cinayət izlərini necə yox etməsi barədə dedikləri cinayətə meylli insanlar üçün bir növ yardımçı plan olur, bu məsələdə də eynilə. Çünki media təcavüz və cinayət xəbərlərini tam çılpaqlığı ilə verir. Bu lazım deyil və cəmiyyət üçün təhlükəlidir”.
Psixoloq Nigar Məmmədova da, xüsusilə, azyaşlılara qarşı cinsi zorakılığın yayılan xəbərlərlə birbaşa əlaqəsi olduğunu Almaniya modeli əsasında izah edir:
“Bu Almaniyada təcrübə ilə də təsdiqini tapıb. Bir ay ərzində uşaqlarla bağlı müxtəlif layihələr haqqında məlumatlar verilib, müsbət hadisələr işıqlandırılıb. Sonrakı ay cinayətlərdən, zorlamalardan, qətl hadisələrindən yazılıb. Və gözlənilən nəticəni əldə ediblər, törədilən cinayət hadisələrinin sayı ikinci ay birincidən çox olub. Bu isə onu sübut edir ki, yazılar insanlarda aqressiyanın oyanmasına səbəb olur”.
Sosioloqlar, əsasən, təcavüz xəbərlərinin cəmiyyətdə zorakılığı daha da artırdığına inansalar da, jurnalistlər məsələnin xəbər dəyərinə önəm verirlər. Üstəlik, cəmiyyətdəki mənfiləri açıb-ağartmaq onların aradan qalxmasına da kömək edə bilər.
“Yeni Musavat” qəzetinin köşə yazarı, Musavat.com saytının redaktoru Xalid Kazımlı zorakılıq əməlləri törədənlərin heç mətbuat oxucusu olmadığını bildirir:
“Bu geniş yayılmış demaqojidir, heç bir əsası yoxdur. Ölkədə, qəzet və sayt oxuyanların sayı əhalinin 1 faizi qədərdir. Ancaq hər hansı bir rayonda zorlama və ya bu kimi hadisə olanda bu, mediaya çıxmamış bütün rayonun dilinə düşür, geniş müzakirə olunur. Heç insanlara qarşı təcavüz aktı kimi iyrənc cinayəti törədənlər arasında da, axtarsan, bir nəfər belə mütaliəsi ilə seçilən, fəal qəzet-jurnal oxucusu olan biri yoxdur. Bu kimi hadisələrin mediada işıqlandırılması isə əslində faydalı ola bilər. Nə qədər geniş müzakirə getsə, beynində iyrənc niyyətlər daşıyan, təcavüzə meylli şəxslər bir az maariflənərlər, bu hərəkətlərinin sonradan onlara necə baha başa gələcəyini anlarlar və özlərini cilovlayarlar”.
Zorlanan şəxsin utanaraq bunu gizlətməsi bəzən faktların üzərinin açılmasına əngəl törədir. Qız heç kimə heç nə demirsə, məsələnin üstü örtülür. Ancaq gündəmə gələrsə, hər kəs qınadıqdan sonra insanlarda bu addımı atmaqdan çəkindirə bilər. Hər bir halda utanılası məqam təcavüz xəbərlərinin tirajlanması deyil, bu halların baş verməsidir.
Dəniz Kərimzadə
Minval.İnfo


